sonnoqte.az
Xəbər başlıqları
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 
  • 13:23 – İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 

Şəhidlik müqəddəs zirvədir, o zirvəyə yalnız seçilmişlər ucala bilər!

23-05-2021, 16:33 1 060 dəfə baxılıb



Azərbaycan xalqının haqq savaşının kökü torpaqlarımızın işğaldan azad olunmasının müqəddəsliyi duyğusuna söykənir...
Vətən! Damarlarda cilvələnən, coşan qan, döyünən ürəkdir! Yaz yağışının torpağa qarışan ətri, ömürdən ucada dayanan zirvədir!
Yaralı bağrına yığılıb qalanların həmsöhbəti, zamanın bu anında üzünü tutduğun şəhid məzarıdı Vətən! Milli qürür mənbəyimiz, and, namus yerimiz, baş taçımızdır şəhidlər, hünər, qeyrət simvolumuzdur! Ərazi bütövlüyümüzü qorumaq üçün ölümün gözünə dik baxaraq şəhidlik zirvəsinə ucalanlar və Vətənləşənlərdi!

Qaramanlı igidləri

Vətənin çağırışına Neftçala rayonunun Aşağı Qaramanlı kəndindən də hay verdi igidlər. Aşağı Qaramanlı kənd ümumi məktəbində eyni sinifdə oxumuşdu Yunislə Rəvan. Məktəbdə Vətənə sevgi, xalqa məhəbbəti öyrətmişdi müəllimləri onlara. Qaramanlı igidləri Məhəbbətin, Sakitin, Tehranın, Ramilin, Iltifatın, Mehmanın, Elimdarın, Turalın, Mirişin, Yaşarın, Sərdarın keçdiyi həyat yolundan, unudulmayan xatirələrindən danışmış, ucaldıqları zirvənin müqəddəsliyindən bəhs etmişdi müəllimləri. Vətənpərvərlik ruhunda hazırlanmış tədbirlərdə şeirlər söyləyərdilər. Ayrılmaz dostlara həsr olunmuş “Vətən aşiqləri” şeirində deyildiyi kimi:
Zərdən don geyinər göy başdan başa,
Günəş nurla bəzər yerin səthini.
Yunislə, Rəvandı sinifdə qoşa,
Tərənnüm edirlər ana Vətəni:
“Vətən, yerim, göyüm, Vətən ümmanım,
Vətən qibləgahım, dinim, imanım,
Son damla qanımsa əgər gümanım,
Yolunda fədadır Azərbaycanım!”
Qələbə andına sadiq qalaraq,
Qalxdı xilasına Azərbaycanın!
Dostlar könüllərə tarix yazaraq,
Fəda eylədilər Vətənə canı.
Igidlər yetirən Qaramanlının,
Şanlı salnaməsi iftixar dolu,
Vətən aşiqləri övladlarının,
Qələbədir yolu, zəfərdir yolu !

Yunislə Rəvanın ömür yolu müqəddəs şəhidlik zirvəsindək uzandı. Vətən müharibəsi başlayanda onlar həqiqi hərbi xidmətdə idilər...

Yunis Orucovu igid və qorxmaz əsgər kimi tanıyırdılar



Orucov Yunis Şaiq oğlu 01 may 2001-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuşdu. Aşağı Qaramanlı kənd ümumi orta məktəbini 2016-cı ildə bitirmiş, təhsilini Salyan Texniki Peşə liseyində davam etdirmişdi. Musiqiyə olan sevgisi gitarasına hopmuşdu. Ailəsi ruzisini kənd təsərrüfatından çıxarırdı. Hələ kiçik yaşlarından atasına kömək edərdi. Uşaqlıqdan zəhmətə alışmışdı. Heyvandarlıq sahəsi onun öhdəsində idi. Elə bu səbəbdən də Peşə liseyində kənd təsərrüfatı sahəsini seçmişdi.
2019-cu ilin iyul ayında Yunis Orucov həqiqi hərbi xidmətə yola düşmüşdür. Xidmətə Bərdə rayonunda yerləşən N saylı hərbi hissədə başlamış, Goranboy və Mingəçevir şəhərlərindəki hərbi hissələrdə davam etdirmişdir. Duşmənin Tovuz istiqamətindən keçdiyi hücumun qarşısının alınmasında iştirak etmişdir. Qəlbində şölələnən Vətən eşqi ilə 2020-ci il sentyabrın 27-sində başlayan Vətən müharibəsində ərazi bütövlüyümüzün müdafiəsində qəhrəmancasına döyüşmüşdür. O, Tərtər rayonunun Talış kəndi, Suqovuşan istiqamətlərində gedən döyüşlərdə döyüş yoldaşları ilə birlikdə komandirlərinin tapşırığını yerinə yetirmişdir. Onlar, düşmənin çoxlu sayda zirehli texnikasını və canlı qüvvəsini məhv etmiş, bir neçə düşmən postunu ələ keçirmişlər. Döyüş yoldaşları onun səmimiyyətindən, igidliyindən, ön xətdə yaralı döyüş yoldaşlarına köməyini əsirgəməməsindən könül dolusu danışırlar. Yunis Orucovun sosial şəbəkələrdə çıxışı yayımlanmışdı. Od saçan baxışları, düşmənə nifrət dolu sözləri onun necə vətənpərvər olduğuna sübut idi. Ağdam-Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucaldı Yunis... Onun cənazəsi 14 oktyabr 2020-ci il tarixdə doğulduğu Neftçala rayonunun Aşağı Qaramanlı kəndində torpağa tapşırıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Yunis Şaiq oğlu Orucov “Vətən uğrunda” və “Suqovuşan ərazisinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Vətən uğrunda torpağa dönmək şərəfdir

Quliyev Rəvan Mərdan oğlu 2001- ci il iyul ayının 17-si Şirvan şəhərində anadan olmuşdur. 2014-cü ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçmüş, təhsilini Aşağı Qaramanlı kənd ümumi orta məktəbində davam etdirmişdir. O, ailəsi ilə birlikdə 2016-cı ildə ümumi orta məktəbi bitirərək peşə öyrənmək üçün Bakı şəhərinə üz tutmuşdu.
Avtomobilə olan həvəsi onu çilingər peşəsinə yiyələnməyə sövq etmişdir. Anası Aybəniz Quliyeva deyir ki, Rəvan peşə öyrənməklə yanaşı həm də evə qazanc gətirirdi. Ailənin qayğısına qalır, kiçik qardaşı Hüseynlə əsl dost kimi davranırdı. Aybəniz xanım Rəvandan danışmaqdan doymur, asta səslə oğlunu əzizləyirdi:



Ağac gülər barıyla,
Bəhrəsi nübarıyla,
Analar fəxr eləyər,
Igid övladlarıyla!
Əzizinəm ana su,
Ana torpaq, ana su,
Oğlundan zəfər gözlər,
Azərbaycan anası!

Rəvan Quliyev 2020-ci ilin yanvar ayında Neftçala rayonundan həqiqi hərbi xidmətə çağırılmışdı.
Ağcabədi rayonunda hərbi hissədə xidmətə başlayan Rəvan Quliyev aprel ayında Füzuli rayonu N saylı hərbi hissədə xidmətini davam etdirməyə başlamışdı. O, sentyabr ayının 27-si başlayan 44 günlük Vətən müharibəsində iştirak etmiş, Cəbrayılın, Xocavəndin, Füzulinin alınmasında böyük şücaət göstərmişdir. Döyüş yoldaşları Rəvan Quliyevin necə qorxmaz, şücaətli olmasından, döyüşdə qəhrəmancasına iştirakından fəxrlə danışırlar. Oktyabr ayının 24-də Rəvan Quliyev Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalaraq yaddaşlara köçmüşdür. 25 sentyabr 2021- ci il tarixdə Astanlı kənd qəbirstanlığında torpağa tapşırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəvan Mərdan oğlu Quliyev “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
* * *
Beləcə... Köksündəki Vətən eşqini, üçrəngli bayrağa, üzərindəki aya, hilala olan sevgisini, xalqına məhəbbətini ömründən uca tutan igid oğulların adı Azərbaycan tarixinə əbədilik həkk olundu.

Gülqədəm Mirzəzadə,
AYB üzvü,
Türkmən Ədəbiyyat və Yazarlar Birliyinin üzvü.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO