“Bu gün regional gündəlikdə duran məsələlər çox cəhətdən bizim fəaliyyətimizlə bağlıdır və bizim təşəbbüslərimizin çoxu, tərəfdaşlarımızın təşəbbüslərinin çoxu bizim iştirakımız və müsbət münasibətimiz olduğu halda reallaşır. Bununla paralel olaraq deməliyəm ki, bu, qarşılıqlı faydalı əməkdaşlığa yönəlib”.
Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə, həm siyasi, həm iqtisadi fayda əldə edilməsinə hədəflənib:
“Ona görə də bu halda artıq uzun illər ərzində Azərbaycanın təşəbbüsləri ilə bağlı olan hər şey apriori, düşünülmüş və həyata keçirilmək üçün zəmin olan təşəbbüs kimi qəbul edilir. Onu da deməliyəm, elə bir hal olmayıb ki, biz kiməsə ağıllı görünmək və ya kiminsə xoşuna gəlməkdən ötrü hansısa xəyalpərəstliklə, populizmlə, havaya sözlə və ya hansısa bayağı, çeynənmiş terminlərin artikulyasiyası ilə məşğul olaq. Yəni, bizim təşəbbüs göstərdiyimiz hər şey yerinə yetirilə bilən idi və yerinə yetirildi.
Qoşulmama Hərəkatına gəlincə, əlbəttə bu, Azərbaycan üçün yeni roldur. Xüsusən ona görə ki, bizim ölkəmiz bu təşkilata daxil olan son ölkələrdən biridir. Biz yeni üzvük. Lakin biz dərhal bütün ölkələrin etimadını və hörmətini qazana bildik. Buna görə də ölkələr iki dəfə bizim lehimizə səs verdilər.
Yəni bir dəfə bizim rəhbərlik etməyimizə etimad göstərdilər, sonra isə yekdilliklə təklif etdilər ki, biz sədrliyimizi daha bir il uzadaq. Biz buna formal baxımdan deyil, hansısa fayda və ya hansısa güzəşt naminə deyil, bizim nə edə biləcəyimiz və bu təşkilatı necə möhkəmlədə biləcəyimiz baxımından yanaşırıq. Çünki mən sırf mexaniki surətdə təşkilat deyirəm, amma bu, təşkilat deyil, Hərəkatdır və beynəlxalq terminologiyada o, təşkilat adlandırılmır. Lakin, düşünürəm ki, institusionallaşdırma yolu ilə getmək lazımdır.
Bu yolda biz müəyyən addımlar atmışıq. Birincisi, Hərəkatın üzvü olan parlamentlərin başçılarının qarşıdakı Bakı görüşüdür. Biz parlament elementi yaratmaq istəyirik. Artıq razılıq əldə edilib. Həmçinin bu Hərəkatın gənclər elementini də yaratmaq və beləliklə, struktur dəyişiklikləri yolu ilə getmək istəyirik. Əlbəttə, bu, bütün ölkələrin razılığını tələb edəcək. Bilirsiniz ki, Hərəkatın üzvü olan bəzi ölkələr arasında mürəkkəb münasibətlər var. Biz bütün bunları nəzərə alırıq və buna görə də çox səliqə ilə, lakin israrla hərəkət edirik.
Pandemiya vaxtı bizim gördüyümüz işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə - bütün bunlar Hərəkatın nüfuzunu artırır.
O, beynəlxalq arenada daha tanınmış, daha nəzərəçarpan olur. Biz, eyni zamanda, hətta COVID pandemiyasına qədər üzv ölkələrə kömək göstərmişik. Bizim çoxlu humanitar proqramlarımız var ki, bu barədə bəlkə də Azərbaycan ictimaiyyətinin məlumatı yoxdur. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə biz çox ölkələrə humanitar yardım göstəririk, pandemiya dövründə isə biz 80-dən çox ölkəyə həm maliyyə yardımı, həm də maddi yardım göstərmişik. Bu, əlbəttə, yüksək qiymətləndirilir. Xüsusən ona görə ki, bu ölkələrin resursları məhduddur, onlar vaksin millətçiliyindən əziyyət çəkirlər. Fikrimcə, bu məsələni beynəlxalq səviyyədə bizdən çox qaldıran olmayıb. Bu, hiddətləndirici ədalətsizlikdir ki, özlərini demokratiya, insan hüquqları bərabərliyi mənbələri kimi göstərməyə çalışan ölkələr onlara lazım olduğundan üç-dörd dəfə artıq vaksin alırlar, sonra bu vaksinlərin istifadə müddəti bitir və onları tullayırlar. Yoxsul ölkələrə isə, əslində, heç nə qalmır. Axı, bu statistika məlumdur. Bu, hiddətləndirici ədalətsizlikdir.
Bu, bütün mənəvi oriyentirlərin və hansısa hüquqdan, ədalətdən danışmaq haqqının tamamilə itirilməsidir. Azərbaycan bu mürəkkəb funksiyanı öz üzərinə götürüb. Biz başa düşürük ki, Afrika ölkələrində və digər yerlərdə insanların öldüyü bir vaxtda, - sadəcə, orada statistika aparılmır, - öz əhalisini artıq üç doza ilə təmin edəndə özlərini çox yaxşı hiss edən bir sıra ölkələrlə qarşıdurmaya gedirik. Biz şüurlu olaraq buna getdik.
Məhz ona görə ki, biz buna inanırıq və ona görə ki, konyunkturanı deyil, prinsipləri rəhbər tuturuq. Bu, bizim ölkəmizə daha çox hörmət qazandırdı. Hərəkata üzv ölkələrin çoxu indi Azərbaycanı onların maraqlarını açıq şəkildə müdafiə edə bilən ölkə kimi görürlər. Yeri gəlmişkən, Bakıda keçirilən sammitdə, sədrlik funksiyasını öz üzərimə götürəndə demişəm ki, biz üzv ölkələrin maraqlarını, beynəlxalq hüququ və ədaləti qoruyacağıq. Biz bunu edirik və Hərəkatın nüfuzunu yüksəltməyə, struktur dəyişiklikləri yolu ilə getməyə səy göstərəcəyik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.