sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Azərbaycanın bütövlüyünün qorunması Ulu Öndər Heydər Əliyevin tarixi missiyasıdır

28-03-2021, 11:39 267 dəfə baxılıb


Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra dövlətçiliyimizə çox qəsdlər olub. Hətta bu qəsdlər bir zərərli ənənə kimi bir çox siyasi və hərbi qüvvələrin vərdişinə çevrilmişdi. Məhz Heydər Əliyev qətiyyəti, Heydər Əliyev qüdrəti bu bəd niyyətlərdən əl çəkməyənlərə tarixi bir dərs verdi.
1995-ci ilin martında Azərbaycanın başı üzərində yenə də qara buludlar dolanırdı. Qan-qada bahasına əldə olunan müstəqilliyimiz növbəti sınaqla üz-üzə qalmışdı. Hərc-mərclikdən, özbaşınalıqdan yaxasını yenicə qurtlaran ölkə təzədən fəlakətə sürüklənirdi. Bu, Heydər Əliyevin fədakarlığı ilə günü-gündən möhkəmlənən dövlət müstəqilliyimizə xarici düşmənlərin himayədarlığı ilə milli dönüklərimizin yeni qəsd xülyası idi. Məkrli düşmən qüvvələr 1993-ci ilin yayından sonra dəfələrlə puç olmuş xain niyyətlərini həyata keçirmək üçün omonçuların əli ilə açıq hərbi mübarizəyə keçmişdilər. Martın əvvəllərində Qazaxda və Ağstafada başlanan dövlət çevrilişinə cəhd getdikcə paytaxta doğru səmtlənirdi. Bu, 1994-cü ilin oktyabr ayındakı dövlət çevrilişinə cəhdin davamı idi. Daxili İşlər Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri ölkəni vətəndaş müharibəsinə sürükləyirdilər. Ayrı-ayrı müxalifət qüvvələrindən, xarici kəşfiyyat orqanlarından hərbi və siyasi dəstək alan Rövşən və Mahir Cavadov qardaşlarının bu hərəkəti dövlətə açıq-açığına meydan oxumaq, hakimiyyəti zor gücünə, silah gücünə mənimsəmək cəhdi idi.
Ölkədə ekstremal şərait yaranmışdı. Əhali həyəcan içində idi. Bütün ölkə Prezidentdən bu qara qüvvələrə qarşı sərt, amansız və qətiyyətli tədbirlər görməyi tələb edirdi. Hadisələr nə qədər dramatik olsa da, ölkəmizin başçısı bunu diqqətlə izləyir, bütün variantlardan istifadə edirdi ki, qan tökülməsin. Lakin omonçular son sözlərini silahla deyəcəklərini gizlətmir, iradələrindən dönməyəcəklərini bildirirdilər. Buna baxmayaraq, respublikanın tanınmış, hörmətli adamları, ziyalılar, omonçuların valideynləri, qohumları onların 8-ci Kilometr qəsəbəsindəki qərargahına göndərildi. Silahı yerə qoyub qardaş qanından çəkinmək üçün az qala hamı onlara minnətçi düşdü. Mahir və Rövşən Cavadov qardaşları isə ipə-sapa yatmırdılar.
Ölkəmizin başçısı martın 15-də milli televiziya və radio ilə xalqa müraciət etdi. Dövlətçiliyin və müstəqilliyin əleyhinə yönəlmiş bu qəsdin mahiyyətini açıb göstərdi. Təsir altına düşmüş adamları düzgün yola çağırdı. Onların təhlükəsizliyinə təminat veriləcəyini vəd etdi. Martin 16-da isə ölkəmizin başçısı əfv Fərmanı imzaladı. Bu, tarixdə görünməmiş humanist bir addım idi. Amma təəssüf ki, qarşı tərəf bunu nəinki qiymətləndirə bildi, əksinə, dövlətçilik əleyhinə yeni-yeni bəyanatlarla çıxış etdi.
Mart ayının 16-dan sonra isə quduzlaşmış omonçular qərargahdan çıxıb, dövlət orqanlarına hücum edir, şəhərdə özbaşınalıq yaratmağa çalışırdılar.
O günlər Azərbaycanın taleyində yeni sınaq idi. Əsrlər boyu arzusunda olduğu, qurduğu və möhkəmləndirdiyi müstəqilliyini indi buna xarici havadarların himayəsi ilə qəsd edənlərdən qorumalı idi. Hadisələr sürətlə inkişaf edirdi. Lakin bir əminlik, yəqinlik var idi ki, Heydər Əliyevin iradəsi və qətiyyəti ilə ölkəmiz növbəti fəlakətdən xilas olacaqdır.
Mart olaylarından illər keçsə də, bu gün onun təhlilinə ciddi ehtiyac var. Birincisi, dövlətə silah gücünə iradəsini qəbul etdirmək yolverilməzdir və yol verilmədi də. Ulu Öndərin iradəsi ilə artıq neçənci dəfə belə zərərli praktikanın qarşısı alındı.
Ikincisi, mart hadisələri göstərdi ki, qara qüvvələrin dairəsi nə qədər geniş olsa da, respublikamızın əhalisi heç nədən çəkinmədi, Ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək dövlətçiliyi qorudu.
Üçüncüsü, zaman bir daha sübut etdi ki, xalq öz milli liderini müstəqilliyinin təminatçısı hesab edir, başqa heç kimi tanımır. Elə buna görə də məqsədləri, niyyətləri yalnız hakimiyyəti ələ keçirmək olan omonçular əhali arasında dəstəklənmədi və tezliklə süquta uğradılar.
 
Nigar Hüseynova
Salyan rayon MKS-nin 3 saylı kitabxana filialının müdiri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO