sonnoqte.az
Xəbər başlıqları
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 
  • 13:23 – İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 

Ağ Ev Kiyevə ayırdığı paraları amerikalılara "yedirdib": NATO isə Ukraynaya üzvlük vəd etsə də, "qapıları" qapadır

4-12-2023, 08:24 40 dəfə baxılıb

Ağ Ev Kiyevə ayırdığı paraları amerikalılara "yedirdib": NATO isə Ukraynaya üzvlük vəd etsə də, "qapıları" qapadır


Ağ Ev Ukraynaya sağ əli ilə verdiyini sol əliylə geri alıb, rəsmi Kiyevi külli miqdarda borca salıb, bununla da ABŞ iqtisadiyyatına əlavə maliyyə qaynağı yaradıb... NATO isə Ukraynaya verilən vədlərdən yayınmaq üçün bəhanələri elə indidən hazırlayıb, dağılmış vəziyyətdə olan bu ölkədən demokratiya, təhlükəsizlik və infrastruktur islahatları tələb olunur...
Ukrayna savaşı nə vaxt yekunlaşacaq və necə nəticələnəcək? Bu sual indi Qərb siyasi dairələrində müzakirə edilən əsas mövzular sırasında artıq daha ön plana keçirilmiş kimi görünür. Yəni, hazırda "Ukrayna Rusiya ilə savaşda nə vaxt və necə qalib gələcək" sualı qətiyyən aktual deyil. Ukraynaya dəstək məsələsi də indi arxa plana keçirilmiş durumdadır. Və belə vəziyyətdə növbəti taleyüklü sual da gündəmin əsas mövzularından birinə çevrilməyə başlayıb.

Məsələ ondadır ki, Ukraynanın ictimai-siyasi məkanında böyük narahatçılıq hökm sürür. ABŞ və Qərbin Ukraynaya dəstəyinin tədricən zəifləməsi indi rəsmi Kiyevdə də pessimist əhval-ruhiyyə yaradıb. Prezident Volodimir Zelenski Ukrayna ordusunun əks hücum əməliyyatlarının müdafiə taktikası ilə əvəzlənməkdə olduğunu rəsmən etiraf edib. Çünki Avropa Birliyi Ukraynaya dəstəyi müxtəlif bəhanələrlə ləngidir, bəzi istiqamətlər üzrə isə demək olar ki, ümumiyyətlə, dayandırıb.

Nə qədər qəribə də olsa, ABŞ və Avropa Birliyinin Ukraynanın arxasından geri çəkilməyin yollarını axtardığı indiki mərhələdə Rusiya ordusunun yenidən güclənməyə başladığı da müşahidə olunur. Kreml Rusiya ordusunun hərbi texnika və silah-sursat ehtiyaclarının təmin edilməsinin yollarını da tapmış kimi görünür. Hər halda, İrandan alınmış hərbi texnika Rusiyanın işinə yarayıb. Eyni zamanda, Şimali Koreya da Rusiyaya minlərlə konteyner silah-sursat göndərib. Və son məlumatlara görə, indi Rusiya ordusu tədricən müdafiədən hücum taktikasına keçid etmək üzrədir.

Təbii ki, ərazilərinin bir hissəsi Rusiya tərəfindən işğal edilmiş Ukrayna üçün hadisələrin belə fərqli istiqamətlər alması olduqca təhlükəli nəticələr vəd edir. Hətta Ukrayna cəmiyyətində artıq ölkənin gələcək taleyi ciddi şəkildə müzakirə edilməyə başlayıb. Paytaxt Kiyevin meri Vitali Kliçko Qərb mətbuatına açıqlamasında hazırda Ukraynanın gələcəkdə ümumiyyətlə, mövcud olub-olmayacağı ilə bağlı məsələnin müzakirəsinı qaçılmaz edən mərhələsinin başlandığını bildirib. Və Ukrayna dövlətçiliyinin böyük risk altına düşdüyünü vurğulayıb.

Belə anlaşılır ki, ABŞ və Qərb Ukraynanı böyük "hərbi-siyasi bataqlığa" salıb. Bu ölkənin demək olar ki, bütün infrastrukturu dağılmış vəziyyətdədir. Hətta savaş dayandırılsa belə, Ukraynanın müharibədən əvvəlki duruma qaytarılması üçün onilliklər və onmilyardlarla dollar maliyyə vəsaiti lazım olacaq. Üstəlik, rəsmi Kiyev savaş dövründə Ukraynaya göstərdiyi yardımları da geri ödəməli olacaq. Çünki Ukraynaya verilən hərbi dəstək əslində, rəsmi Kiyevin ayağına yazılmış dövlət borcudur. Və üstəlik, Ukraynaya ayrılmış maliyyə dəstəyi də reallıqda rəsmi Kiyevə çatmayıb.

Məsələn, ABŞ-ın timsalında bu reallığı açıq-aşkar müşahidə etmək mümkündür. Qərb mənbələrinin iddialarına görə, ABŞ-nin indiyə qədər Ukraynaya ayırdığı 68 milyard dollarlıq maliyyə vəsaitinin 90 faizi bu ölkənin sərhədlərindən kənara çıxarılmayıb və elə amerikalıların özlərinə qismət olub. Belə ki, həmin maliyyə vəsaiti ABŞ ərazisində yeni iş yerlərinin yaradılmasına xərclənib. Ukraynaya göndərilən silah-sursatın yerini doldurmaq üçün ABŞ-nin 31 ştatının 71 şəhərində 117 hərbi istehsalat müəssisəsi qurulub. Və bundan ABŞ ştatları iqtisadi qazanc əldə ediblər.

Bütün bunlar o deməkdir ki, əslində, Ağ Evin Ukraynaya dəstəyindən ABŞ-ın maliyyə itkisi olmayıb. Bayden adminstrasiyası əslində, sağ əli verdiyini sol əli ilə geri alıb. Anbarlarda yığılmış köhnə silah-sursatdan da xilas olub. Onların dolayısı satışını reallaşdırıb. Çünki rəsmi Kiyev nə vaxtsa, həmin köhnə silahların dəyərini ABŞ-a mütləq ödəmək məcburiyyətində qalacaq. Bu baxımdan, Ağ Evin dəstək adı altında Ukraynanı ABŞ-a borclandırdığı qətiyyən şübhə doğurmur.

Ancaq bütün bunların baş verdiyi bir mərhələdə Qərbdən gələcək taleyi böyük risk altına düşmüş Ukraynaya dəstək vədləri hələ də davam edir. Belə ki, NATO baş katibi Yens Stoltenberq Ukraynaya hərbi dəstəyin davam edəcəyini bəyanlayıb. Üstəlik, NATO baş katibi Ukraynanın bu quruma Rusiya ilə savaşdan sonra qəbul ediləcəyini də vurğulayıb. Onun sözlərinə görə, hazırda isə Ukraynanın infrastrukturunun NATO standartlarına uyğunlaşdırılmasına cəhd göstərilir.

Digər tərəfdən, NATO-nun məsləhətləri çərçivəsində Ukraynada demokratiya və təhlükəsizlik sistemi üzrə islahatların başlanılması da nəzərdə tutulur. Hesab olunur ki, bu islahatlar Ukraynanın NATO-ya üzvlük şanslarını artıra bilər. Halbuki, NATO-dan verilən bu şirnikləndirici mesajların Ukrayna üçün icrası real olmayan öhdəliklər xarakteri daşıyır. Və buna əmin olmaq üçün bəzi məqamlara diqqət yetirmək tamamilə kifayətdir.

Məsələ ondadır ki, Ukraynaya yalnız savaşdan sonra NATO üzvlüyü vəd olunur. Halbuki, bu savaşın nə vaxt sona çatacağı hələlik təsəvvür belə, edilmir. Üstəlik, savaşın sona çatmasından sonra Ukraynanın hansı vəziyyətdə olacağı da məlum deyil. Hər halda, Rusiya ilə savaş bu ölkəni müasir inkişaf standartlarından bir neçə onillik geriyə doğru uzaqlaşdırıb. Və NATO-nun belə dərin çöküş mərhələsi yaşayan bir ölkəni öz sıralarına qəbul etməyə həvəs göstərəcəyi qətiyyən inandırıcı görünmür.

Əslində, NATO rəsmiləri Ukraynaya verilən vədlərin yerinə yetirilməsindən dolayısı ilə yayınmaq üçün müəyyən bəhanələri elə indidən hazırlamağa da başlayıblar. Ukraynanın infrastrukturunun NATO standartlarına uyğunlaşdırılmasından danışılması qətiyyən boşuna deyil. Bu ölkənin infrastrukturu demək olar ki, tamamilə dağıdılıb. İndi onun nəinki NATO standartlarına uyğunlaşdırılması, hətta əvvəlki səviyyədə bərpası belə, uzun illər və külli miqdarda maliyyə vəsaiti tələb edir. Və Ukraynanın Qərbə hərbi dəstəyin borcunu ödəməli olacağını da nəzərə aldıqda, bu, qeyri-real görünür.

17382e58-92d3-4c53-b8dc-b90c7493865a.jpg (237 KB)

Nəhayət, NATO təmsilçiləri rəsmi Kiyevə bu quruma üzvlüyü sürətləndirmək üçün demokratiya və təhlükəsizlik sahələri də daxil olmaqla, bir çox istiqamətlərdə islahatlar aparmağı məsləhət görürlər. Demokratik islahatların təməl prinsiplərindən birisi heç şübhəsiz ki, azad və ədalətli seçkilərin keçirilməsinə bağlıdır. Halbuki hazırda savaş ucbatından rəsmi Kiyev gələn il prezident seçkilərini belə, keçirə bilməyəcək bir durumdadır. Belə olan təqdirdə, NATO rəsmi Kiyevə demokratik islahatların aparılmasını məsləhət görür.

Eyni fikirləri Ukraynanın təhlükəsizlik sahəsində aparmalı olduğu islahatlara da aid etmək olar. Çünki ərazinin bir hissəsi Rusiya ordusu tərəfindən işğal olunmuş Ukraynadan təhlükəsizlik sahəsində islahatlar tələb etmək sadəcə, absurd xarakter daşıyır. Ukraynanın təhlükəsizlik sistemi Rusiya qoşunları bu ölkənin ərazinə girdiyi andan mövcud deyil.

Bu baxımdan, NATO nə qədər məsləhət görsə də, mövcud olmayan təhlükəsizlik sistemində islahatlar aparmaq reallıqdan uzaqdır. Halbuki, bunun əsas günahkarları sırasında məhz ABŞ və Qərb ön planda yer alır. Çünki vaxtilə ABŞ və Qərb nüvə silahının ləğvinə qarşılıq olaraq, Ukraynanın təhlükəsizliyinə təminat verən beynəlxalq sazişə imza atmışdı. Və bütün bunlar onu göstərir ki, əslində, rəsmi Kiyevə Ukraynanın NATO-ya üzv qəbul edilməyəcəyi barədə vəd verilib.(Yeni Müsavat)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO