sonnoqte.az
Xəbər başlıqları
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 
  • 08:30 – Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 

Xalqımızın milli şüurunun formalaşmasında “Molla Nəsrəddin” jurnalının rolu misilsizdir

16-06-2023, 15:22 452 dəfə baxılıb





Ulu öndərimizin böyük ehtiramla yad etdiyi ustad sənətkarlar sırasında görkəmli yazıçı-dramaturq və publisist Cəlil Məmmədquluzadə xüsusi yer tutur. “Molla Nəsrəddin” jurnalı kimi qiymətli bir mətbuat orqanı nəşr edən görkəmli ədibin yaradıcı¬lığına, çoxşaxəli fəaliyyətinə, əsərlərinin müasirlik keyfiyyətinə xüsusi dəyər verən ümummilli liderimiz demişdir: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda o, bizim müasirimizdir, o, bu gün bizimlədir, bizim sıramızdadır”.
Müdrik rəhbərimiz “Molla Nəsrəddin” jurnalının xalqımızın tərəqqi və inkişafında ciddi əhəmiyyət daşı¬dığını vurğulayaraq bildirmişdir ki, “Cəlil Məmmədquluzadə dühası “Molla Nəsrəddin” jurnalında öz əksini tapdı. “Molla Nəsrəddin”, onun vasitəsilə Cəlil Məmmədquluzadə və jurnalın işinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında, milli ruhunun yüksəldilməsində, milli oyanışında böyük rol oynadılar”.
Azərbaycan satirik mətbuatı tarixində xüsusi yer tutan “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından 117 il ötür. Böyük demokrat ədibimiz Cəlil Məmmədquluzadənin redaktorluğu ilə bu jurnalın ilk sayı 1906-cı il aprelin 20-də Tiflisdə işıq üzü görmüşdür. “Molla Nəsrəddin” qısa fasilələrlə 25 il nəşr olunmuşdur. Jurnalın, ümumilikdə, 748 sayı işıq üzü görüb ki, onun da 340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda çapdan çıxmışdır.
“Molla Nəsrəddin” jurnalı qısa müddət ərzində böyük nüfuz qazanmış, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə demokratik mətbuatın inkişafına mühüm töhfələr vermiş, bu sahədə yeni səhifə açmışdır.Xalqın üzləşdiyi sosial-siyasi, iqtisadi və mədəni problemləri satirik üslubda, sadə, anlaşıqlı tərzdə oxuculara çatdıran Mirzə Cəlil və onun Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi kimi məslək yoldaşları bütün fəaliyyətləri boyunca Vətənə, millətə layiqincə xidmət göstərmişlər. Xalqın milli mənafelərinin ardıcıl ifadəçisi və müdafiəçisi olan “Molla Nəsrəddin” azadlıq mücadiləsinə, xalqımızın hərtərəfli yüksəlişinə misilsiz töhfələr vermişdir. Bu jurnalın təsiri ilə nəşr olunan “Kəlniyyət”, “Arı”, “Tuti”, “Babayi-Əmir”, “Şeypur”, “Zənbur” kimi satirik mətbuat orqanları onun ənənələrini davam etdirmişlər.Azərbaycan mətbuat tarixində yalnız “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları ədəbi məktəb yaratmaq vəzifəsini həyata keçirə bilmişlər. “Molla Nəsrəddin” ədəbi məktəbi çoxsaylı yazıçını, şairi, rəssamı və publisisti öz ətrafında birləşdirmişdir. Cəlil Məmmədquluzadənin ardıcıl və böyük səyləri sayəsində XX əsrin əvvəllərində Azərbaycan yaradıcı ziyalılarının “Molla Nəsrəddin” ordusu formalaşmışdır. Böyük mollanəsrəddinçi yazıçı Əbdürrəhim bəy Haqverdiyevin vaxtilə etiraf etdiyi kimi, bu ədəbi cəbhədə “təb və istedad” yaradıcı qüvvələrin özlərinə məxsus olsa da, “mövzu verən və yol göstərən” Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı idi. Geniş mənada “Molla Nəsrəddin” dərgisi tənqidi-realist ədəbiyyatın möhkəm ədəbi cəbhəsi, mollanəsrəddinçi ədiblərin əsərlərinin çoxcildlik külliyyatıdır.
“Molla Nəsrəddin” ədəbi məktəbi çox geniş anlayış olub, özündə bir neçə yaradıcılıq istiqamətini, çoxsaylı yaradıcı qüvvələri birləşdirən ədəbi məktəbdir. Bir çox yaradıcılıq sahələri “Molla Nəsrəddin” ədəbi məktəbi içərisində, onun hüdudları daxilində xüsusilə inkişaf edərək daha qabarıq şəkildə nəzərə çarpmışdır. Beləliklə, vahid ədəbi məktəb daxilində bir neçə məktəb, necə deyərlər, məktəb içində məktəblər yaranmışdır. “Molla Nəsrəddin” satirik şeir məktəbi, mollanəsrəddinçi yeni nəsr, satirik publisistika və karikatura məktəbləri “Molla Nəsrəddin” ədəbi məktəbinin üzvi tərkib hissələridir. Doğrudur, bu məktəblərdən hər biri, xüsusən mollanəsrəddinçi satirik şeir məktəbi həm də müstəqil ədəbi məktəb təsiri bağışlayır. Hətta “Molla Nəsrəddin” şeir məktəbinin zəminində formalaşmış xüsusi bir Sabir satira məktəbi də nəzərə çarpmaqdadır. 
Milli müstəqillik və azadlıq uğrunda mübarizə mollanəsrəddinçilik təliminin ana xəttini təşkil edir. Mollanəsrəddinçilik təliminin daşıyıcısı olan “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər milli istiqlala bir ordudan ziyadə xidmət göstərmişdir. Bu mənada, “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının ən böyük istiqlal kitabıdır. Azərbaycançılıq məfkurəsi mollanəsrəddinçilik təliminin ideya əsasından ibarətdir. Bütövlükdə Cəlil Məmmədquluzadənin yaradıcılığı və “Molla Nəsrəddin” jurnalının fəaliyyəti Azərbaycançılıq məfkurəsi üstündə köklənmişdir. Vaxtilə böyük millətpərvər ədib qələm əhlinə millətə və Vətənə xidmətin ünvanını, istiqamətini nişan verərək yazmışdı: “Bu gün Kərbala meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, Vətən hissi varsa, oranın qeydinə qalmalıdır!”
Mollanəsrəddinçilərin zəngin yaradıcılıq irsinin qiymətləndirilməsindən danışarkən görkəmli dövlət xadimi Heydər Əliyevin fikirlərini ayrıca xatırlatmaq gərəkdir. Bu isə təsadüfi deyil. Çünki ulu öndər Heydər Əliyevin fəaliyyətində və təlimində mədəniyyət, ədəbiyyat, incəsənət məsələləri də mühüm yer tutur. Bütün digər sahələrlə yanaşı, xalqımızın mədəni tərəqqisinə ardıcıl diqqət və qayğı göstərən ümummilli liderimiz məruzə, çıxış və nitqlərində bu məsələyə lazımınca nəzər yetirmiş, qiymətli fikirlər söyləmişdir.Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i yaradanadək böyük hazırlıq keçdiyini, xalq həyatını, məişətini, dünya mədəniyyətini dərindən öyrəndiyini vurğulayan ümummilli liderimiz qeyd etmişdir ki, məhz bunların sayəsində “Mirzə Cəlil “Molla Nəsrəddin” kimi dahiyanə bir məktəb yaratmış və bizə böyük mənəvi irs qoyub getmişdir”. Ümummilli liderimiz Cəlil Məmmədquluzadə irsinin, “Molla Nəsrəddin”in bütün zamanlarda öz aktuallığını saxlamasına böyük önəm vermiş, mətbuatda “Molla Nəsrəddin” ənənələrinin davamını vacib saymış, “Molla Nəsrəddin” sözünə həmişə ehtiyac duyulduğunu nəzərə çatdırmışdır. 



Ramil Bayramov,
Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO