sonnoqte.az
Xəbər başlıqları
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 
  • 13:23 – İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 

Eldar Quliyev: “1993-cü ilin ortalarında Azərbaycanda mövcud olan qeyri-qanuni silahlı birləşmələr mərkəzi hakimiyyətin nüfuzunu tamamilə heçə endirmişdi və hər an hökumətin fiziki kənarlaşdırılması aktı həyata keçirilə bilərdi”

13-06-2023, 09:14 59 dəfə baxılıb

Eldar Quliyev: “1993-cü ilin ortalarında Azərbaycanda mövcud olan qeyri-qanuni silahlı birləşmələr mərkəzi hakimiyyətin nüfuzunu tamamilə heçə endirmişdi və hər an hökumətin fiziki kənarlaşdırılması aktı həyata keçirilə bilərdi”


ƏVVƏLİ BURADA

Bugünkü buraxılışımızda Azərbaycanın dünya və Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərinin inkişaf perspektivləri, ölkəmizin Avrasiya məkanında gedən proseslərdə rolu və mövqeyi, eləcə də mövzu ətrafında Azərbaycan ictimaiyyətini maraqlandıran digər məsələlər barədə AİA.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır (...müsahibənin davamı).

- Eldar müəllim, elə bilirəm, Azərbaycanın xarici əlaqələrindən danışarkən ölkəmizin məhz Türk dövlətləri ilə münasibətlərinin inkişafının əsas prioritet istiqamət olduğunu söyləsəm yanılmaram. Bu baxımdan cari ilin aprel ayının 10-da Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfərinin nəticələrini necə şərh edə bilərsiniz?


- Deməliyəm ki, həmin səfərin gedişini mən kütləvi informasiya vasitələri ilə diqqətlə və böyük maraqla izləmişəm. Diqqətəlyiq haldır ki, dövlət başçımızın səfər çərçivəsində Astanada iştirak etdiyi mühüm dövlət tədbirlərindən biri də Heydər Əliyev adına küçənin açılış mərasimi idi. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev birgə iştirak etmişdilər. Məlumdur ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan və Qazaxıstan arasında münasibətlərin yüksəlişinə həmişə böyük önəm verib. Ulu Öndərin həyata keçirdiyi xarici siyasət kursunda Azərbaycan-Qazaxıstan münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirilməsinə mühüm əhəmiyyət verilib. Bu gün Qazaxıstanın paytaxtında Heydər Əliyev adına küçənin açılması da Ulu Öndərin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində olan xidmətlərinə verilən yüksək dəyərin göstəricisidir. Açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Astanada Heydər Əliyev adına yeni küçənin açılışını həm Ulu Öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndirdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan xalqı öz Liderinə həmişə inanıb və ən çətin dövrdə, xalqın, dövlətçiliyin gələcəyi böyük təhlükə altında olanda Ulu Öndər ölkəyə rəhbərlik edib və Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib. Azərbaycan-Qazaxıstan əlaqələri dərin tarixi köklərə malikdirlər. Bu münasibətlərin formalaşmasına təsir edən əsas amillərdən biri də azərbaycan və qazax xalqlarının türkdilli xalqlar olmasıdır. Xalqlarımızın etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxın olmaları müasir dünyamızda bütün sahələrdə, o cümlədən nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratmışdır. Prezident cənab İlham Əliyevin aprelin 10-da Qazaxıstana etdiyi rəsmi səfər də bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılmış növbəti mühüm addım oldu.

- Elə isə ölkələrimiz arasında mövcud əlaqələrin bugünkü vəziyyəti barədə nə deyə bilərsiz?

- Son illər ərzində Azərbaycan-Qazaxıstan münasibətləri xeyli inkişaf edib və hazırda müttəfiqlik səviyyəsinə yüksəlib. Belə ki, 2022-ci il avqustun 24-də Bakıda hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə artıq iki dost ölkənin həm də müttəfiq olduqlarını deməyə əsas verir. Eyni zamanda 2023-cü il aprel ayının 10-da Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol” və dövlət başçılarının birgə bəyanatı ölkələrimiz arasında əlaqələrin və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə yönəlib. Həmin tarixi səfər çərçivəsində Astanada mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında müttəfiqlik münasibətləri qarşılıqlı fəaliyyətin gələcək inkişafının möhkəm təməlidir. Bu gün bu təməl konkret məzmunla zənginləşdirilir və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. O cümlədən, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar həyata keçirilir. Birmənalı olaraq deyə bilərik ki, bu gün Azərbaycan və Qazaxıstan həm də beynəlxalq müstəvidə bir-birilərinə qarşılıqlı dəstək verirlər. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Xüsusən bu təcrübə ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda daha geniş tətbiq olunur. Bu, uzun illər boyu iki ölkə arasında münasibətlərin səmimi xarakterini nümayiş etdirir. Heç şübhəsiz, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı bütün Türk dövlətləri birliyinin daha da möhkəmlənməsi və güclənməsi deməkdir.

- Eldar müəllim, Siz də bilirsiniz ki, Qazaxıstan həm də Avrasiya İqtisadi Birliyinin üzvüdür. Azərbaycan isə bu quruma üzv olmasa da, hal-hazırda Ermənistan istisna olmaqla təşkilatın bütün digər üzv dövlətləri ilə uğurlu əməkdaşlıq edir. Mayın 25-də Prezident İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak etməsi də ölkəmizin beynəlxalq nüfuzunun getdikcə yüksəldiyini bir daha təsdiq etmiş oldu. Bu səfər barədə hansı fikirlərinizi oxucularımızla paylaşmaq istərdiniz?

- Həqiqətən də Azərbaycan artıq 30 ildir ki, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığını uğurla inkişaf etdirir. Ölkələr arasında qtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və münasibətlərin möhkəmlənməsi davam edir. Bu vacib geostrateji amil və ölkəmizin durmadan inkişaf edən və yenilənən nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Ölkəmiz bu gün Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı isə, yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Məlumdur ki, Azərbaycan artıq uzun illərdir ki, bölgədə həyata keçirilən və strateji əhəmiyyət daşıyan mühüm beynəlxalq logistik layihələrin ən fəal iştirakçısı, bəzilərinin isə həm də təşəbbüskarıdır. Məsələn, belə layihələrdən olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan həmçinin “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Eləcə də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olmaqla, bütün regionun sürətli inkişafına səbəb olacaq və ölkəmizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifi də məhz Azərbaycandır. Əlbəttə ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşarsa və sülh sazişini imzalayarsa bu zaman o da regional əməkdaşlıqdan iqtisadi qazanc əldə edə bilər.

- Heç təəccüblü deyil ki, Ali Şuranın geniş tərkibli iclasında iştirak edən Ermənistanın baş naziri bu dəfə də Azərbaycana qarşı əsassız iddialar irəli sürməklə siyasi xal toplamağa cəhd göstərdi. Necə bilirsiz, bu, iki ölkə arasında sülh danışıqlarını nə qədər geri sala bilər?

- Bilirsinizmi, Ermənistan hökuməti son vaxtlar özünü o qədər nüfuzdan salıb ki, artıq nə Paşinyanın, nə də onların hansısa digər rəmi təmsilçilərinin fikirləri, bəyanatları demək olar ki, heç kim tərəfindən ciddi qəbul edilmir. Diqqət edin, bir tərəfdən rəsmi İrəvan ölkəmizin ərazi bütövlüyünü tanıdığını və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiq edən bəyantlar səsləndirməklə artıq sülh sazişini imzalamağa yaxın mövqelərdə durduğunu nümayiş etdirir. Digər tərəfdən isə, bu ölkənin baş naziri hələ də beynəlxalq ictimaiyyətdə Azərbaycanla bağlı yanlış rəy formalaşdırmaq kimi cəhdlərindən əl çəkə bilmir. Hətta bu cəhdlərin onun özünü gülünc vəziyyətlərə salmasına rəğmən Paşinyan ölkəmizə qarşı əsassız ittihamlar irəli sürməkdə davam edir. Bu baxımdan, sizin də qeyd etdiyiniz kimi, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası da istisna olmadı. Ermənistanın baş naziri əvvəlcə Azərbaycanı Laçın-Xankəndi yolunu bağlamaqda ittiham etməyə çalışdı. Sonra da cənab Prezident İlham Əliyevin öz çıxışında səsləndirdiyi “dəhliz” ifadəsini təhrif olunmuş formada, beynəlxalq siyasi terminologiyada qəbul olunduğundan tam fərqli şəkildə şərh edərək, Azərbaycanı Ermənistanın ərazilərinə göz dikməkdə günahlandırmağa cəhd göstərdi. Əlbəttə ki, bütün bunlar əsassız, absurd ittihamlardır və hər bir halda Paşinyanın bu sahədə səriştəsizliyini nümayiş etdirərək, Ermənistan hökumətinə baş ucalığı gətirmir. Lakin hər zaman olduğu kimi, cənab Prezident İlham Əliyevin bütün bu əsassız ittihamlara qətiyyətli və birmənalı, real faktlara və sağlam məntiqə əsaslanan cavabları Paşinyanı bu dəfə də çıxılmaz vəziyyətə saldı. Dövlətimizin başçısı açıq mətnlə bildirdi ki, Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Hər halda ümid etmək olar ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatları, eləcə də rəsmi İrəvanın Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə ölkəmizin ərazi bütövlüyünü tanımasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq.

- Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət kursunun səciyyəvi cəhətlərindən biri də onun çoxvektorlu olmasıdır. Başqa sözlə desək, Azərbaycanın xarici əlaqələrinin inkişafı heç də bir istiqamətdə getmir. Ölkəmiz öz mövqelərini Avropada olduğu kimi yaxın və Orta Şərqdə də möhkəmləndirmək istiqamətində çalışmalar aparır. Bu baxımdan Azərbaycan-İsrail münasibətlərinin bugünkü vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

- İsrail Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ötən illər ərzində ölkələrimiz arasında yəhudi və Azərbaycan xalqlarının səmimi dostluğuna əsaslanan möhkəm münasibətlər qurulub. Bütün tarixi dövrlərdə yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu üzvü kimi hiss etmiş, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə Azərbaycan xalqı onlara yad münasibət göstərməmiş, əksinə, yəhudi mənşəli həmvətənlərimiz dostluq, həmrəylik, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu dostluq və həmrəyliyin daha bir nümayişi də budur ki, Azərbaycanda yaşayan yəhudilər ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə, çiyin-çiyinə vuruşublar. Bir sözlə, Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Bir məqamı da qeyd edək ki, Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafı üçün əsaslı zəmin hələ Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə yaradılıb. Belə ki, 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana qısamüddətli səfər etmiş və Ulu Öndər Heydər Əliyevlə görüşmüşdü. Həmin görüdə Ümummilli Liderimiz ATƏT-in Lissabon zirvə toplantısında Natenyahu ilə görüş və danışıqlarından, həmçinin onun İsrail hökuməti adından Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında lazımı köməklik göstərməyə hazır olduğu barədə bəyanatından məmnun qaldığını bildirmişdi. Əlbəttə ki, sonrakı illərdə də Azərbaycan-İsrail münasibətlərinin dərinləşdirilməsi və inkişf etdirilməsi istiqamətində hər iki tərəfdən müvafiq addımlar atılmışdır. Məsələn, 2010-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkənin beynəlxalq hava limanlarında viza verilməsini qadağan edən fərman imzaladığı zaman, bu yeni qanun yalnız iki ölkənin, İsrail və Türkiyənin vətəndaşlarına şamil olunmadı. 2016-cı ildə isə İsrailin müdafiə naziri Aprel döyüşlərində Azərbaycanı dəstəkləyərək, bunun tamamilə haqlı iş olduğunu bəyan etmişdi.

- Eldar müəllim, mövzunu davam etdirərək ölkəmizin İsraildə səfirliyinin açılmasını, eləcə də cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfərini necə şərh edə bilərsiniz?

- İsrail Prezidentinin Azərbaycana etdiyi səfər ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini bir daha nümayiş etdirir. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması faktı isə mövcud əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün yeni, daha geniş imkanlar yaradacaq. Qeyd edə bilərik ki, ölkələrimiz arasında artıq uzun illərdən bəri enerji və müdafiə sənayəsi kimi sahələrdə davam edən əməkdaşlıq Azərbycan-İsrail əlaqələrinin məhz strateji xarakter kəsb etdiyini deməyə əsas verir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan artıq uzun illərdir ki, İsrailin etibarlı xam neft təchizatçısı kimi çıxış edir və bu da ölkələrimiz arasında məhz enerji sahəsində daha sıx əməkdaşlıq olduğunu göstərir. Həmçinin Azərbaycanın uzun illərdir ki, müdafiə sənayesi sahəsində İsrailin müasir texnologiyalarına çıxışı var. Bu isə ölkəmizə özünün müdafiə qabiliyyətini müasirləşdirməyə və gücləndirməyə kömək edir. Yeni strateji əməkdaşlıq sahələrindən biri kimi də artıq kibertəhlükəsizlik sahəsini göstərmək olar. Həmçinin 30 may tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” isə artıq bu sahədə də əməkdaşlıq əlaqələrinin inkişafına yeni, güclü təkan verəcək.

- Müsahibəmizin gedişində də Azərbaycanın bugünkü uğurlarının əldə olunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasətinin aparıcı rolu bir neçə məqamda diqqət mərkəzinə gətirildi. Bu baxımdan cari ilin 31 may tarixində baş tutmuş 28-ci Beynəlxalq Xəzər Neft və Qaz və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin açılışlarının əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Son bir neçə ildə Avrasiya məkanında cərəyan edən məlum geosiyasi proseslər enerji amilinin siyasi hadisələrə təsiri fonunda Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyətini getdikcə artırır. Cənubi Qafqazın əsas neft və qaz ölkəsi kimi Azərbaycana diqqətin artması təbiidir. Avropa Birliyi enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini yüksək dəyərləndirir. Bu gün bir çox hallarda Avropa və region ölkələrinin enerji təhlükəsizliyi məhz Azərbaycanın enerji strategiyasından asılıdır. Həm də bu asılılıq getdikcə artır. Azərbaycan isə, istər region ölkələri, istərsə də Avropa dövlətləri ilə əməkdaşlıqda özünü etibarlı tərəfdaş kimi təqdim edə bilib. Əlbəttə ki, bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunun getdikcə artmasına xidmət edir. Öz növbəsində bu vəziyyət Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, o cümlədən enerji tədbirlərinin əhəmiyyətini yüksəldir. 1994-cü ildən etibarən Bakıda təşkil olunan Xəzər neft-qaz sərgisi də belə önəmli tədbirlərdən biridir. Dediyiniz kimi, mayın 31-də paytaxtımızda ənənəvi Bakı Enerji Həftəsinə start verildi və bu tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin açılışı oldu. Bir məqama diqqətinizi yönəldim ki, ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak bu tədbirə öz məktublarını ünvanlayıblar. Bu isə artıq Bakı Enerji Həftəsinin qlobal əhəmiyyətə malik beynəlxalq tədbir olduğunun bir daha təsdiq edir. Tədbirdə iştirak edən cənab Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğuladı ki, müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən önəmli hissələrindən biridir. Bunu nəzərə alan Azərbaycan enerji sahəsində dünya və Avropa dövlətləri ilə enerji sahəsində əməkdaşlığını getdikcə şaxələndirir və bu, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə önəmli töhfələr verir.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə bütün redaksiya heyətimiz adından səmimi təşəkkür edirəm. Sağ olun.

- Mən də sizə məzmunlu suallarınıza görə təşəkkür edirəm və ümid edirəm ki, onları maksimum dərəcədə obyektiv cavablandıra bildim. Sağ olun.

Söhbətləşdi: Azər Məmmədov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO